Şuşada iqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan-BƏƏ arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığı, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb. O da qeyd edilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrin yeni istiqamətlərinin müəyyən edilməsində xüsusi rol oynayır. Diqqətə çatdırılıb ki, bu gün Şuşada 9-cu iclası keçirilən Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyinin və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin fəaliyyəti işgüzar əlaqələrin inkişafına xidmət edir.

İkitərəfli görüşdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğu diqqətə çatdırılıb, qarşılıqlı ticarətin daha da artırılması və strukturunun şaxələndirilməsinin önəmi vurğulanıb. “Yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr aparılıb.

***

13.38

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə "yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələrini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ölkələrimizin iqtisadi əməkdaşlığının uğurla davam etdiyini məmnunluqla vurğuladıq. “Yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr apardıq”, - o qeyd edib.