Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesi yeni qaydada təşkil ediləcək.

Belə ki, ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Əvvəl bu müddət noyabrın 16-dan 20-dək idi.

Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.