Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib.

İqtisadiyyat.az bildirir ki, o, keçən ilin 24 fevralından sonra artıq kompromis variantının mövcud olmadığını bildirib:

“Beynəlxalq hüquq pozulub. İnsanlıq adına cinayət işlənib. Ona görə də kompromisdən söhbət gedə bilməz. Biz onlardan qorxmuruq. Onlardan heç kim qorxmur”. 

Prezident sanksiyalardan da söz açıb: “Biz gördük ki, Moskvaya qarşı iqtisadi sanksiyalar effekt verir. Bu bizə toparlanmaq üçün zaman qazandırır. Sanksiyaların ardının gəlməsi çox vacibdir".  

Zelenski Fransa prezidenti E.Makronun Putinlə dialoqundan da söz açaraq bunu vaxt itkisi kimi qiymətləndirib:

“Bunun faydası olmayacaq. Makron vaxtını boşa sərf edir. Mən belə qənaətə gəlmişəm ki, biz Rusiyanın mövqeyini dəyişmək gücündə deyilik. Əgər Kreml köhnə sovet imperiyasını bərpa etmək arzusu ilə özünü dünyadan təcrid edirsə, bu onların öz işidir”. 

Ukrayna prezidenti Baxmutla bağlı suala belə cavab verib:

“Biz Baxmutu qoruyacağıq, amma “nəyin bahasına olursa olsun” yox. Lazım olduğu müddətcə döyüşəcəyik. Baxmut o qədər də böyük şəhər deyil və Donbasın digər şəhərləri kimi ruslar tərəfindən viran edilib. Oranı qorumaq bizim üçün vacibdir, amma hamının ölməsini gözləmək fikrimiz yoxdur. Nə qədər ki ağlabatandır, biz döyüşəcəyik. Ruslar növbəti hücumlara hazırlaşır, biz müqavimət göstəririk. Yeri gəlmişkən, biz növbəti əks-hücuma, qısamüddətli müharibəyə və qələbəmizə hazırlaşırıq”. 

Prezident fikirlərini belə yekunlaşdırıb:

“Minsk razılaşması Putinə keçən ilki qəfil hücumu hazırlamaq üçün zaman qazandırdı. Biz bir daha bu tələyə düşməyəcəyik. Bizim əsgərlərimizin döyüş ruhu daha yüksəkdir, çünki onlar öz evlərini, öz ailələrini qoruyurlar".