"Yanğından zərərçəkmiş sahibkarlara dəstək göstərilib-göstərilməyəcəyi ilə bağlı hələlik dəqiq bir məlumat yoxdur".

Bunu İqtisadiyyat.az-a açıqlamasında ötən ay yanğın baş vermiş “Taxta bazarı”nın icraçı direktoru Əmrah Cəfərov deyib.

O, hazırda araşdırmaların davam etdirildiyini bildirib: "Ekspertiza təyin olunacaq. Yanğından zərər görmüş sahibkarlara dəstək göstərilib-göstərilməyəcəyi barədə məlumat mövcud deyil"

"Mən sadəcə icraçı direktoram, malın-mülkün sahibi və yaxud bazarın sahibi deyiləm", - o əlavə edib. 

Qeyd edək ki, noyabrın 23-də Dərnəgüldə yerləşən "Taxta bazar"ında güclü yanğın baş verib. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanıb. Yanğın söndürülsə də, sahibkarlara xeyli sayda zərər dəyib. Fakta görə cinayət işi başlanıb.

Əmrah Cəfərov yanğın nəticəsində bir milyon yarımlıq malın yanaraq külə döndüyünü açıqlayıb.

Xatırladaq ki, Ə.Cəfərov uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini və Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini vəzifələrində çalışıb. Eləcə də Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri olub.