Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09.43

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirlərini davam etdirir.

Nazirlikdən İqtisadiyyat.az-a verilən məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

08.50

Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

07.50

Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən İqtisadiyyat.az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək

***

06:43

Bakıda inşaat materialları bazarı yanır.

İqtisadiyyat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.