Dünya Bankı zəlzələdən zərər çəkmiş ərazilərdə yaşayış məntəqələrinin və əsas kommunal infrastrukturun bərpasına kömək etmək üçün Türkiyəyə 1 milyard dollar kredit ayırmağı təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankından verilən açıqlamada bildirilir. Dünya Bankının Türkiyə üzrə Ölkə Direktoru Humberto Lopez, “Dünya Bankı 2010-cu ildən bəri, zəlzələlərin baş verdiyi gün və təbii fəlakətlərdən sonra Türkiyənin yanındadır.

Biz yaxşı bilirik ki, bu böyük dağıntıdan sonra görüləcək işlər bir neçə il çəkəcək və böyük vəsait tələb edəcək. Bu yolda Türkiyənin yanında olacağıq və zərər çəkmiş ərazilərin yenidən qurulmasına kömək edəcəyik”,- deyib.

Açıqlamada Türkiyənin Zəlzələdən Bərpa və Yenidənqurma Layihəsi çərçivəsində 1 milyard dollarlıq maliyyələşdirmənin təsdiq edildiyi bildirilib və bunun Dünya Bankının birdəfəyə Türkiyəyə verdiyi ən böyük maliyyə paketi olduğu qeyd edilib.