Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Az gəlirli ailələrdən olan yerli peşə sahibləri üçün dayanıqlı məşğulluq imkanlarının artırılması” layihəsinin icrasını yekunlaşdırıb. 

İqtisadiyyat.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və BP şirkətinin maliyyə dəstəyi ilə “Az gəlirli ailələrdən olan yerli peşə sahibləri üçün dayanıqlı məşğulluq imkanlarının artırılması” layihəsi icra olunmuşdur. 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayınadək davam edən layihənin icrasını Gələcəyə Körpü İctimai Birliyi həyata keçirmişdir. 

Layihə çərçivəsində 40 nəfər benefisiar ilkin olaraq 4 fərqli peşə ixtisası (Qənnadçı-şirniyyatçı; Plastik boru qaynaqçısı; Tikiş avadanlıqlarının operatoru, tikişçi və Bərbər) üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması məqsədi ilə təlimlərə cəlb edilib. Sözügedən təlimlərin icrasını təmin edən şirkət nümayəndələri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması istiqaməti üzrə təlimçi” təlimlərində iştirak edib, müvafiq sənəd ilə təmin edilmişdirlər.

Peşə ixtisasları üzrə təlimlərdə iştirak edən benefisiarlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan iki mərhələli imtahanlarda iştirak ediblər. İmtahanlarda qiymətləndirmə prosesi tərkibi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi, Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi və müvafiq peşə ixtisası üzrə işəgötürən nümayəndədən ibarət olan Qiymətləndirmə Komissiyası, eləcə də sahə üzrə mütəxəssis şəxslər tərəfindən həyata keçirilib. 

Layihənin sonunda prosesdə uğurlu nəticə əldə etmiş 38 nəfər ixtisası üzrə ilk peşə təhsili diplomuna bərabərhüquqlu diplom ilə təltif olunub. Təltifetmə mərasimi BP-nin təçkilatçılığı ilə “Nobel Oil Heritage Club”da təşkil olunub.

Tədbir zamanı aidiyyatı qurum rəhbərlərinin və benefisiarların layihə haqqındakı fikirləri dinlənilib. Sonda layihə iştirakçıları ilə xatirə fotosu çəkilib.