(1711, Edinburq, Şotlandiya - 1776, Edinburq, Şotlandiya)

Əsərləri: “Vergilər haqqında”, “Pul haqqında”, Ticarət balansı haqqında, “Faiz haqqında”, “İngiltərnin tarixi”

XVIII əsrin məşhur mütəfəkkirlərindən biri olan David Yumun iqtisadi fikirləri xüsusi maraq kəsb edir. O, bir sıra iqtisadi problemlərə diqqət yetirmiş, xüsusi mülkiyyət, inflyasiya və xarici ticarətlə bağlı maraqlı fərziyyələr irəli sürmüşdür. Yum merkantilist nəzəriyyənin tənqidçilərindən olmuşdur.

Yum iqtisadi artıma kifayət qədər diqqət yetirilmədiyini əsas gətirərək öz dövrünün iqtisadi doktrinalarını tənqid etmişdir. Ticarətlə bağlı fikirlərində o qeyd edirdi ki, ticarətin məhdudlaşdırılması ilə bağlı hər hansı bir cəhd ölkədə pulun miqdarının balans səviyyəsindən də daha çox artırmasına gətirib çıxarır (pulun yalnız ölkə daxilində dövr etməsi şərtilə). İxracda yaranan hər hansı artıqlıq qızıl və gümüşün idxalı ilə ödənilir. Belə ki, xaricdən gələn pul vəsaitlərinin hərəkəti digər ölkələrlə müqayisədə ölkə daxilində qiymətləri artırır, bu da ixracın azalması və idxalın artmasına və yenidən ölkədən pul çıxmasına səbəb olur. Başqa sözlə, ticarət ölkələrində pul axınlarının qiymətlərə təsiri sayəsində onların hər birində pulun miqdarı avtomatik olaraq tarazlıq etmək məcburiyyətində olur ki, nəticədə ixrac və idxal balanslaşır.

O, iddia edirdi ki, ölkə daxilində pul axınının qiymətlərə təsirinin dərəcəsi ümumi məhsulun həcmindən asılıdır. Bununla, millətin iqtisadi inkişaf səviyyəsi və ya insanların sayı və onların əzmkarlıq dərəcəsi ilə təyin olunan istehsal imkanları ölkənin cəlb edə və saxlaya biləcəyi pulun miqdarını müəyyənləşdirir.

Yuma görə, faiz dərəcəsi pul kütləsi ilə müəyyən edilir. Pulun kəmiyyət nəzəriyyəsinə əsaslanaraq iddia edirdi ki, pul kütləsinin artması bütün qiymətlərin yüksəlməsinə gətirib çıxarır, faiz dərəcəsini dəyişməz saxlamaqla xərclərin maliyyələşdirilməsi üçün kreditlərə tələbatın artmasına səbəb olur.

Yum həmçinin hesab edirdi ki, pulun miqdarının artması iqtisadi fəaliyyətin yüksəlməsinə səbəb ola bilər. Pul təklifinin artmasının iqtisadiyyata təsir prosesini izləyərək belə qənaətə gəlmişdir ki, pul təklifinin qısamüddətli artması ilə stimullaşdırıcı təsir uzunmüddətli ola bilməz, pul kütləsinin uzunmüddətli artımı isə iqtisadi artımı stimullaşdırılmaqla və xərcləri və yığımı dəyişməklə kapital təklifini artıra və faiz dərəcəsini aşağı sala bilər.

Onun fikrincə, vergilərin artması onların ödənmə ehtimalını artırır, çünki insanların əməksevərliyini, səyini stimullaşdırır. O vurğulayırdı ki, fəaliyyətin, işin maraqlı olması üçün, onun mürəkkəb və gərgin olması zəruridir. Təhlillərində mənəvi aspektlərə xüsusi əhəmiyyət verən Yum əməyə, işləməyə motivasiyanın 4 növünü fərqləndirirdi: istehlak arzusu, hərəkət etmək arzusu, müxtəliflik arzusu, fayda əldə etmək arzusu.

P.S. Şotland filosofu David Yum empirizmin və aqnostisizmin nümayəndəsi olmuş və skeptik mövqeyi ilə seçilmişdir. İqtisadçı, tarixçi, publisist olan Yum ingilis maarifçiliyinin ən məşhur xadimlərindən biri kimi tanınır.

Yum kiçik əmlaka sahib olan kasıb zadəgan ailəsində dünyaya gəlmiş, üçüncü və kiçik övlad olmuşdur. Onun atası hüquqşünas kimi fəaliyyət göstərmiş, ana babası isə hakimlər şurasının sədri olmuşdur. Uşaqkən atasını itirən David anasının himayəsi və tərbiyəsi ilə böyümüşdür. Ev tərbiyəsinin əsas hissəsini dini təlim təşkil edirdi. David sonralar uşaq olduğunda Allaha iman gətirdiyini xatırlayırdı.

Erkən gəncliyində fəlsəfə və ədəbiyyata xüsusi maraq göstərmiş, əxlaq məsələləri ilə bağlı çox düşünmüşdür. 20 yaşından etibarən din haqqında düşüncələrini yazmağa başlamış, sonra həmin yazıları olan dəftəri yandırmışdır.

Edinburq universitetində hüquq və qədim yunan dili üzrə mükəmməl təhsil alan Yumu qohumları hüquqşünas kimi görmək istəsələr də, onun diqqətini Siseron və Vergili çəkmiş və oranı yarımçıq tərk etmişdir. Güclü və gərgin elmi fəaliyyət onun sağlamlığını sarsıtmış və onda ruh düşkünlüyü yaratmış, nəticədə həyat tərzini kəskin şəkildə dəyişdirmək qərarına gəlmşdir. Ticarət evlərindən birində kargüzar vəzifəsində işləməyə başlamış, lakin bir neçə ay sonra belə növ işə marağının olmadığını başa düşmüşdür. Yum bir çox əsərin müəllifidir. O, heç vaxt evlənməmişdir.

O, dövrünün ziyalıları olan Adam Smit, Jan Jak Russo ilə yaxından tanış olmuş, sonuncu ilə dostluq münasibətləri düşməçiliklə bitmişdir. Helvetsi və Volter Yumun dini tənqidini yüksək qiymətləndirmişlər. İmmanuel Kant yazırdı ki, Yum öz müasirləri tərəfindən başa düşülməmişdir. Pol Kruqmana görə isə: “David Yum ilk real iqtisadi model hesab etdiyim şeyi yaradıb”.

Ölümündən bir qədər əvvəl yazdığı 5 səhifə həcmindən az olan “Mənim həyatım” adlı avtobioqrafiyada özünü bütün uğursuzluqlara baxmayaraq xarakteri heç vaxt sərtləşməyən sərbəst, səmimi və şən insan kimi təsvir etmişdir. Məzar daşında ad, soyad, doğum və ölüm tarixinin yazılmasını vəsiyyət edən Yum qeyd etmişdir ki, “Qoy gələcək nəsillər davamını istədiyi kimi əlavə etsin”. Edinburq dini fanatiklərinin mütəfəkkirin məzarını təhqir etməsinə imkan verməmək üçün bir həftə onun məzarı başında gözətçi saxlamaq lazım gəlmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva