"Taksi xidmətində iş saatının tənzimlənməsi effektiv nəticə verməyəcək".

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, hazırda taksi sürücülərinin gündəlik olaraq iş saatları 14 və ya 15 saatdır. Yeni qanunun tənzimlənməsi ilə onların iş saatları gündəlik olaraq 8 saata endiriləcək.

Aydındır ki, sürücülərin həddindən artıq çox saat işləməsi sosial vəziyyətlə bağlıdır. 8 saat limiti həmin insanların sosial vəziyyətinə necə təsir edəcək?

 

 

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Lalə Mehralı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı qəbul olunan qərarların effektiv nəticə verəcəyi gözlənilən deyil:

"Sürücülərin 14-15 saat sükan arxasında olması çox çətin olmaqla yanaşı, sərnişinlər və yoldakı digər sürücülər üçün  təhlükəli vəziyyətdir. Çünki qəza anında zərərçəkən təkcə sürücü olmur. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklərdən sonra iş saatının tənzimlənməsi ilə yanaşı, taksidə gedişhaqqının artacağı gözlənilir. Lakin bu artımın sürücülərin sosial vəziyyətinə necə təsir edəcəyi sual altındadır. Taksidə gedişhaqqı qalxandan sonra sərnişinlərin sayında azalma baş verəcək. Nəticədə sürücü gündəlik əməkhaqqını qazanmaq üçün iş saatından artıq işləmək məcburiyyətində qalacaq. Ona görə gedişhaqqının artması problemin həllinə səbəb olmayacaq.  Əslində qanunu qəbul etmək asandır. İş mexanizminin düzgün tətbiq edilməsi isə vaxt tələb edir.  Əgər taksidə gedişhaqqı artırılarsa və sürücü daha çox gəlir əldə edərsə, həmin sürücü zamanla daha çox gəlir əldə etmək istəyəcək. Elə mexanizm işlənməlidir ki, sürücülər və sərnişinlər üçün sərfəli olsun".

Gülşən Şərif