Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət qrup neft hasilatının artacağı ilə bağlı iddiaların doğru olmadığını bildirib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman neft hasilatını artırmaq üçün OPEC+ üzvləri ilə danışıqlar apardığına dair xəbərləri təkzib edib.

OPEC+ toplantılarından əvvəl qəbul ediləcək qərarların müzakirə edilmədiyini deyən energetika naziri gündəlik 2 milyon barellik azalmanın 2023-cü ilin sonuna qədər davam edəcəyini qeyd edib.

Səudiyyə naziri onu da vurğulayıb ki, tələb-təklif balansını bərpa etmək lazım gələrsə, hasilatı daha da azaltmaq olar.