“İstər dünyada, istər Azərbaycanda hər müharibədən sonra müəyyən problemlər qalır. Müharibə özündən sonra insan itkiləri ilə bərabər mina və partlayıcı qurğular problemini də qoyub gedir. İşğaldan azad olunan Azərbaycan ərazilərində də on minlərlə mina və partlamamış qurğular mövcuddur. Həm hərbi qurumların, həm də ANAMA-nın iştirakı ilə hərbi və humanitar təyinatlı minatəmizləmə işləri həyata keçirilir. Təəssüf ki, bu günə qədər onlarla Azərbaycan vətəndaşı mina qurbanı olub, yüzlərlə şəxs xəsarət alıb”. 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O həmçinin bildirib ki, Azərbaycan minaların təmizlənməsi prosesində humanitar dəstəyə ehtiyac duyur:

“Bu humanitar dəstəyə texnologiya və kadr ehtiyatı daxildir. Düzdür Azərbaycan minaların təmizlənməsi ilə bağlı bütün lazımi texnikanı əldə edib, lakin kadr ehtiyatı nə qədər çox olsa, ərazilər bir o qədər tez minadan təmizlənər”. 

Ekspert bildirib ki, mina problemi bir neçə illər sonra da öz fəsadlarını göstərəcək:

 

 

“Nə qədər təmizlənmə işləri aparılsa da, həmin ərazilərdə bundan sonrakı onilliklərdə minalar qalacaq. Çünki yağış və qar təsiri ilə yerin ilk qatında olan minalar yer dəyişirlər və gözlənilməyən yerlərdən çıxırlar. Bu ərazilərdə mina problemi çox ciddidir. Ermənilər nəinki yollarda texnika əleyhinə minalar basdırıblar, həm də piyada əleyhinə minalar basdırılıb ki, bu da müvaqif konvensiyalara əsasən qadağandır”.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az