Naxçıvana getmək istəyən vətəndaşlar bilet qıtlığı ilə üzləşdiklərini bildirirlər. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zaur Əzimov adlı vətəndaş “feysbuk” hesabında paylaşım edib. O, saytımıza verdiyi açıqlamada bildirib ki, səhər saat 08:00 radələrindən bilet satışı məntəqəsində sıxlıq müşahidə olunur: “Əlavə reyslər iki gün qabaqcadan satışa çıxır. Onu da gərək səhər saat 5-də gedəsən ki, məntəqə açılan kimi bilet ala biləsən. Günə 10 reys gediş, 10 reys də geridönüş uçuşu təşkil olunur. Yenə bilet tapılmır”. 

Z.Əzimovun sözlərinə görə, problem heç də xidmətlə bağlı deyil: “Bileti onlayn da almaq olur. Reys sayını da artırıblar. Sadəcə bilet tapılmır. Biletlərin sayı məhduddur. Problem bundadır. Ona görə də satış məntəqəsi qarşısında belə sıxlıq yaranır”.

Naxçıvana bilet satışı ilə bağlı vəziyyətin üzücü olduğunu bildirən iqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, quru sərhədlərin açılması problemin qismən həllinə yol aça bilər: "Axtarışlarıma görə, bu gün, sabah, hətta bir həftə sonra üçün Naxçıvana bilet satılmır. Bilet satışının olmaması ya Naxçıvana gedişlə bağlı biletlərin 1 ay əvvəldən satılması, ya da reyslərin öncədən bilinməməsi ilə əlaqədardır. Ümumilikdə Naxçıvanda 450 mindən artıq şəxs qeydiyyatda olsa da, 70 min civarında insan faktiki olaraq orada yaşayır. Vətəndaşların planlaşdırılmamış gediş-gəlişləri baxımından bilet satışı ilə bağlı dəyişikliklər edilməsi vacibdir". 

Yaranan problemlə bağlı AZAL və "Silkway" turizm şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.