Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin Baş katibi Antonio Quttereş arasında Tonqada görüş baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X hesabı paylaşım edilib.

Tərəflər Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışdıqlarını vurğulayıblar.

Qeyd edək ki, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Okeaniyadakı 18 dövlət və ərazinin liderləri bu gün Sakit Okean Adaları Forumunun 53-cü iclası üçün Tonqa Krallığında toplaşıb. Bu forum Okeaniya ölkələri və əraziləri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yaradılıb. Təşkilatın üzvləri Avstraliya, Kuk adaları, Fici, Vanuatu, Mikroneziya Federativ Ştatları, Fransız Polineziyası, Nauru, Yeni Kaledoniya, Yeni Zelandiya, Niue, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa Krallığı, Tuvalu, Kiribati, Marşal adaları, assosiativ üzv – Tokelaudur.