Qurban bayramı günlərində bioloji təhlükəsizlik tələblərinin gözlənilməsi və heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun kəsiminin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə də, burada ictimai nəzarətin təmin olunması qarşıya qoyulan əsas vəzifələrdəndir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib.

O deyib ki, AQTA-nın fəaliyyəti dövründə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dan 106-ya çatdırılıb. Bu isə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsinə şərait yaradır.

Şöbə müdiri vurğulayıb ki, Qurban bayramı ilə əlaqədar heyvanlar daşınarkən müşaiyətedici baytarlıq sənədləri ilə təmin edilməli, heyvanların satışı və kəsimi AQTA ilə razılaşdırılmış yerlərdə həyata keçirilməlidir. Həmçinin heyvan satılan yerlər və kəsim məntəqələrində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri gözlənilməlidir. Heyvanların kəsilməsində iştirak edən şəxslər isə müvafiq tibbi müayinədən keçdikdən sonra fəaliyyətə buraxılmalı və digər tələblərə əməl olunmalıdır.

Mansur Piriyev qeyd edib ki, 28, 29 iyun tarixlərində bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin olunması məqsədilə AQTA müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək:

"Eləcə də bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bu yerlərdən 80-də həm kəsim, həm satış, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər. Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Eyni zamanda, ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək".