15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda qeyd edilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Aktau şəhər rəhbərliyinin, Türkiyənin Baş konsulluğunun nümayəndələri, Azərbaycan icmasının üzvləri və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə konsulluğun binasında açılmış sərgi ilə tanış olublar. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar nümayiş etdirilib.

Azərbaycanın Aktaudakı Baş konsullunun vəzifələrini icra edən Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan fenomen şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir.

Diplomat deyib ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Sonra digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin siyasi kursunun dövlətimizin başçısı tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar.