2021-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”ında məlumat verilib.

Bildirilib ki, il ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunub ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib.

Hesabat ilində valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində fərqli istiqamətdə dəyişib.

2021-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7,4 faiz artaraq 27,8 milyard ABŞ dolları ekvivalentində olub.

Nağdsız valyuta əməliyyatlarının 86,4 faizi ABŞ dollarında, 13,6 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,7 faizi banklararası valyuta bazarında (BVB), 70,3 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

İl ərzində BVB-də əməliyyatların 99,5 faizi ABŞ dollarında, 0,5 faizi avroda aparılıb. 

BDVB-də valyuta əməliyyatlarının həcmi 19,5 milyard dollar ekvivalentində olub ki, bunun da 80,9 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 95,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 21,5 faiz azalaraq 4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 85 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir.

Banklar tərəfindən xarici valyutanın nağd xalis satışı, milyon manat ekvivalentində: