Fransa prezidenti Emmanuel Makron 2023-cü ilin əvvəlində Çinə səfər etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransanın Çindəki səfiri Loran Billi Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.

“Prezident Makron vəzifəsinin icrasına başladıqdan sonra artıq iki dəfə Çinə səfər edib və gələn ilin əvvəlində Çin Xalq Respublikasına səfər etmək niyyətindədir", - o bildirib.

Diplomat əlavə edib ki, Makron və Çin Xalq Respublikasının sədri Si Cinpin müntəzəm əlaqələr saxlayırlar. Onun sözlərinə görə, pandemiyanın başlandığı 3 il ərzində onların arasında 10 dəfədən çox telefon danışığı olub.

Telefon danışıqları zamanı Koreya yarımadasındakı vəziyyət, Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə və ərzaq təhlükəsizliyi kimi qlobal məsələlər müzakirə edilib.

Makronla Si Cinpinq arasında sonuncu görüş noyabrın 15-də Balidə keçirilən G20 sammiti çərçivəsində baş tutub.