Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, görüş NATO XİN rəhbərlərinin Brüsseldə keçirilən iclası çərçivəsində baş tutub.

Görüşə dair Blinken və Kuleba "Twitter" hesablarındakı paylaşımlarında bildiriblər ki, onlar ABŞ-ın Ukraynaya hərbi dəstəyini müzakirə ediblər.

"Ukraynaya daha çox ərazisini Rusiya işğalından azad etmək üçün daha çox hərbi yardım yoldadır. Mən ABŞ-a Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə minnətdaram. Biz NATO-nun Vilnüs sammiti öncəsi də fikir mübadiləsi apardıq", Kuleba bildirib.

Blinken isə vurğulayıb ki, güclü, müstəqil Ukrayna Avropa üçün vacibdir.

"ABŞ və müttəfiqlərimiz Ukraynanın Rusiyanın təcavüzünə qarşı müdafiəsini dəstəkləməyə sadiqdirlər. Güclü, müstəqil, demokratik Ukrayna Avropanın təhlükəsizliyi üçün çox vacibdir", - ABŞ dövlət katibi əlavə edib.