İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 3-cü qrant müsabiqəsi elan edir.

Bu barədə KOBİA-dan məlumat verilib. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq elan edilib.

Şərtlər:

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumları tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 2023-cü ilin aprelin 1-dən başlanılması nəzərə alınmalıdır;

- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu: 15 noyabr 2022-ci il, saat 09:00-dan – 14 dekabr 2022-ci il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).

Müsabiqənin keçirilmə vaxtı: 16 dekabr 2022-ci il – 10 fevral 2023-cü il.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 15 noyabr 2022-ci il saat 09:00-dan - 14 dekabr 2022-ci il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) müraciət edə bilərlər.