“İsveç və ya Finlandiyaya qarşı hər hansı hücum və ya aqressiv münasibət olarsa, NATO buna reaksiya verəcək.”

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuat konfransında deyib.

İki ölkənin üzvlük müraciətindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiyə istisna olmaqla, 28 üzv ölkənin assambleyaları tərəfindən təsdiqlənib. Qalan iki ölkənin də razılaşacağına inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşmasına ümid etdiyini bildirib.

Stoltenberq İsveçin antiterror qanununu dəyişdiyini, onu daha sərtləşdirdiyini, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını və hər iki ölkənin terrorla mübarizədə uzunmüddətli əməkdaşlıq öhdəliyi olduğunu bildirib.

İki ölkənin NATO üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayan Stoltenberq, ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb.