“Azərbaycanın bir neçə bölgəsində yəhudilər yaşayırlar və onların uzun illərdir ölkəmizdə yaşaması Azərbaycan-İsrail əlaqələrinə xüsusi təsir göstərir. Azərbaycan və İsrail beynəlxalq arenada daim bir-birlərinə dəstək nümayiş etdirirlər. Bu xüsusən önləmlidir”.

Bu sözləri İqtisadiyyat.az-a Azərbaycan-İsrail əlaqələrindən danışan politoloq Samir Hümbətov deyib. O bildirib ki, Azərbaycanın İsraillə əlaqələri təkcə ikili münasibətlər çərçivəsində deyil, beynəlxalq arenada da özünü göstərir. Dünyada yəhudi lobbisinin güclü olması heç kim üçün sirr deyil. Bütün dünyada Azərbaycanla yəhudi lobbisi arasında geniş əməkdaşlıq mövcuddur:

 

 

“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri İsrail oldu. O dövrdən başlayaraq, Azərbaycan və İsrail dövlətləri arasında əlaqələr artan xətt üzrə davam etmişdir. Elə o dövrlərdən başlayaraq, İsrail Azərbaycana siyasi, iqtisadi və hərbi sahədə dəstək göstərib.

Nəhayət, 2-ci Qarabağ müharibəsinə qədər olan dövrdə İsrailin Azərbaycanın silah sənayesi sahəsindəki təlabatının ödənilməsində rolu böyük olub. Azərbaycan Ordusu 2-ci Qarabağ müharibəsində İsrail silahlarından istifadə edib.

Azərbaycan eyni zamanda İsralinin enerjiyə olan təlabatının 35-40 faizini ödəyir. Bu da önəmli məsələdir.”

Politoloq qeyd edib ki, gələcəkdə bu əlaqələr daha da inkişaf edərək ən yüksək strateji əməkdaşlıq səviyyəsinə qədər çatacaq.

Qeyd edək ki, 1992-ci il aprelin 7-də Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulmuşdur.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az