Havaların istiləşməsi ilə əlaqədar olaraq zəhərli heyvan və həşəratlarla bağlı təhlükə artır. Yay mövsümündə zəhərli həşaratların sancması hallarına daha tez-tez rast gəlinir. Bu dövrdə ilan, əqrəb və digər zəhərli həşəratlar aktiv fəaliyyətə başlayırlar. May, iyun və iyul ayları ərzində ilan sancması ilə bağlı ümumilikdə 42 nəfər Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edib. Təbii ki, zəhərli həşəratlar bir çox hallarda ölümə də səbəb ola bilir. Mütəxəssislərə görə, ilan sancması nəticəsində yaranan zəhər bədənin sinir, ürək-damar və əzələ sistemlərinə təsir edə, hətta bəzi hallarda zərərçəkənin ölümü ilə nəticələnə bilər. Odur ki, ilan və zəhərli həşərat sancmaları zamanı xəstələrə zədələnmiş nahiyyəyə jqut və ya sıxıcı sarğıların qoyulması qəbuledilməzdir. İlan dişləmiş yerin kəsilməsi və sorulmasına vaxt itirməmək və xəstəni dərhal tibb müəssisəsinə çatdırmaq vacibdir. İlanın növünün bilinmədiyi təqdirdə və ciddi göstərişlər olmadıqda zərdab vurulması da xoşagəlməz hallara səbəb ola bilər. İlan zəhəri əleyhinə zərdabların yalnız mərkəzi xəstəxanalarda xüsusi hazırlıqdan sonra vurulması məsləhət görülür.

KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, istirahət zonalarına çıxdıqda çayların kənarına, böyük ağacların köklərinə, eləcə də daşlıq zonalara xüsusi diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, həmin ərazilərdə ilan, əqrəb və digər zəhərli həşəratların yuva qurması hallarına daha çox rast gəlinir: “O yuvanın yanından keçdikdə, yaxud həmin ərazilərdə istirahət etdikdə, təbii ki, onlar hücum edə bilərlər. Xüsusən də gürzə ilanı daha təhlükəlidir. Həkimə qədərdəki tədbirlərə gəlincə, ilan dişlədiyi yeri sovurmaq, hər hansı bir alətlə yandırmaq, kəsmək, yaraya qatıq, sarımsaq sürtmək heç bir praktiki əhəmiyyət kəsb etmir, daha da pisləşdirir. Bunların əvəzinə zərərçəkən tez bir vaxtda tibb müəssisəsinə çatdırmalı və həkim nəzarətində mütləq zərdab vurulmalıdır. Həyati təhlükənin qarşısını almaq üçün zərdab vurulduqdan sonra müalicəvi tədbirlər davam etdirilməlidir”.

Toksikoloq vurğulayıb ki, zəhərli həşaratın sancdığı adam mütləq hərəkətsiz qalmalıdır: “Bundan əlavə, yaraya nəsə artıq bir şeylər qoymaq, bağlamaq məsləhət deyil. Ona görə ki, 3-5 saniyədən sonra zəhər bədənə sovrulmağa başlayır. Dediyim kimi, zəhər bədənə yeridikdən sonra yaranı kəsmək, doğramaq, zəhəri sovurmaq heç bir əhəmiyyət kəsb etmir”.

 

Sadiq Cavadov