Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin dosenti, tibb elmləri doktoru Nuran Abdullayevin Moderator.az-a müsahibəsi

- Nuran bəy, uzun illərdir həm tibb sahəsi, həm də ictimai-siyasi fəaliyyətlə məşğulsunuz. Yaşadığınız ölkədə Azərbaycan diasporunun inkişafında və güclənməsində xidmətləriniz göz önündədir. Azərbaycan ictimaiyyətinə də çoxşaxəli fəaliyyətiniz bəllidir. Bu çoxşaxəli fəaliyyətinizin fonunda işləriniz necə gedir və bu, sizi yormurmu?

-Bilirsiniz, illərin sınanmış təcrübəsi göstərir ki, fəaliyyətindən zövq alan insana işin çoxluğu heç bir təsir edə bilməz. Ümumiyyətlə, həll edilməli və ya görülməli işlərin çoxluğundan zövq alan insanlardanam. Hətta ehtiyac duyduğum halda gündəlik 2-3 saatlıq yuxu ilə də olsa üzərimə düşən işləri mütləq yekunlaşdırmalıyam. Qeyd etdiyiniz kimi, Azərbaycan ictimaiyyəti fəaliyyətimizlə tanışdır. Amma çoxşaxəli fəaliyyətimizin təxminən yarısı bizim ictimaiyyətə bəllidir, yerdə qalan hissəsi ilə isə insanlarla bölüşmədən məşğuluq. Bəli, "məşğuluq" sözünü bilərəkdən cəm halında istifadə etdim, çünki bunlar hamısı komanda işidir. Komandanın da bəzi üzvləri ictimaiyyətə bəllidir, bəziləri də zaman-zaman bəlli olacaq. Özəlliyimiz isə fərqliliyimizdir, bu da ondan ibarətdir ki, yola bizə inananlarla davam edirik. Bizim fəaliyyətimizdə amalımız və məramımız birdir: Vətən, Azərbaycan! Odur ki, ətrafımızda hər zaman dürüst və sadiq olanların yeri var. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərəm ki, çoxşaxəli fəaliyyətimizdə bütün müstəvilərdə işlərimiz planlaşdırdığımız kimi davam edir.

- Komandadan söz düşmüşkən, Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumundan danışmağınızı istərdik. Artıq III forum təşkil olunacaq, ümumiyyətlə bu forumdan gözləntiləriniz nədir?

-Bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizlərin qarşısında qoyduğu əsas vəzifələrdən biri də xaricdə yaşayan azərbaycanlı soydaşlarımızı güclü Azərbaycan naminə sıx birləşdirərək, fəaliyyət göstərdikləri sahələrdə inkişafına dəstək olmaq və hamımızın əldə etdiyi təcrübə ilə doğma Azərbaycanın inkişafının daha da yüksəlməsinə xidmət göstərməkdir. 

Yuxarıda qeyd edilənləri əsas tutaraq bildirmək istəyirəm ki, Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumunda qəbul ediləcək qərarlar və irəli sürüləcək əsaslı təkliflər Azərbaycanın müasir tibb tarixində Almaniyadakı Azərbaycanlı Həkimlər Forumunun növbəti bir ilki olacaq. Nəzərinizə çatdırım ki, bu Forum və keçirilən tədbirlər ölkə hüdudlarından kənarda çalışan bu qədər azərbaycanlı həkimi Avropada bir araya toplamaqla da tibb tariximizdə bir ilkə imza atır. Bunun özü istər Almaniya, istərsə də gələcək Azərbaycan səhiyyəsi üçün böyük töhfə deməkdir. Fürsətdən istifadə edib Forumun işinə və təşkilat komitəsinə uğurlar arzu edirəm. 

-Bu Forumun təsis edilməsinin həm də Azərbaycan həqiqətlərinin Almaniyada tanıdılması və diasporumuzun daha da güclənməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu hər kəs anlayır. Ümumiyyətlə, Almaniyadakı diasporumuzun fəaliyyətində daha hansı uğurlar var?

-Düşünürəm ki, diaspor fəaliyyətindən danışarkən mütləq qeyd olunmalı məqamlardan birincisi odur ki, Almaniyada fəaliyyət göstərən Azərbaycan icması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu hər zaman hiss edir. Bundan başqa son 5 ildə diaspor siyasətinin tətbiqindəki yeni yol xəritəsi və mükəmməl iş prinsipini də qeyd etmək vacibdir. Məhz bunun sayəsində diaspor fəaliyyətinə akademik səviyyədə və yaşadıqları ölkələrdə mühüm postlar tutan azərbaycanlılar da qoşulub. Bunu xaricdə yaşayanlar daha tez görür və nə demək olduğunu daha da yaxşı anlayır. Almaniyadakı azərbaycanlıların daha da yaxşı şəbəkələşməsi və təşkilatlanması üçün atılan bütün addımlar uğurla nəticələnib. Bizi sevindirən isə bunu icmamızın öz istəyi ilə həyata keçirməyidir. Bunlardan başqa xüsusi qeyd etmək istədiyim azərbaycanlı həkimlərin bir forum altında birləşməsi və azərbaycanlı mühəndislərin də eyni tendensiya ilə təşkilatlanmasıdır. Digər uğurlu addım akademik səviyyədə çalışan Almaniyadan olan elm adamlarının Azərbaycan həqiqətlərini və eyni zamanda Vətənimizi yaxından tanımaq üçün Azərbaycana, o cümlədən işğaldan azad olunmuş torpaqlarımıza səfərlərinin təşkil olunması məsələsidir. Qeyd edim ki, alman professor heyəti ilə yanaşı beş böyük klinika rəhbərinin bu məqsədlə Azərbaycana gəlməsi və Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməsi, eləcə də Şəhidlər Xiyabanını və ikinci Qarabağ müharibəsində şəhid olanların məzarlarını ziyarət etməsi onların Azərbaycana olan hörmətinin və sevgisinin nümunəsidir. 

-Həkimlərin Forumundan danışarkən Azərbaycan səhiyyəsinə töhfədən danışdınız, bəs bu, elmi səviyyədə də mümkün olacaqmı?

-Qısa olaraq onu deyə bilərəm ki, elmi müstəvidə nəinki tibb sahəsində, eləcə də bir çox digər sahələrdə əməkdaşlıqlarla bağlı önəmli layihələrimiz var. Burada ötən ay keçirilən Avropada çalışan azərbaycanlı mühəndislərin forumunu da xüsusi qeyd etmək istəyirəm. Çünki bu forum bir çox yeni layihələrin başlanmasına təkan verdi. İnanıram ki, zamanla elmi müstəvidə də istədiyimiz nəticələri əldə edə biləcəyik.

-Ötən həftə azərbaycanlı tibb işçiləri üçün vacib bir layihə ilə bağlı sosial şəbəkə hesabınızdan anons etdiniz. Tibb işçilərimiz bundan necə faydalana biləcəklər?

-Son illər bir çox azərbaycanlı həkimlərə və tələbələrə köməklik göstərib Almaniyada elmi və praktik təcrübə keçmələrini təmin etmişik. Təəssüf ki, orta və kiçik tibb işçilərinin Almaniyada təcrübə keçmək istəkləri ilə bağlı bu günə qədər yüksək səviyyədə dəstək ola bilmirdik. Amma sentyabr ayından onlara da lazımı səviyyədə dəstək olmağa başlayacağıq. Ehtiyacı olanlara alman dilinin öyrənilməsində dəstək olub sonradan Almaniyada təcrübə keçməyə gətirəcəyik. Ehtiyac olarsa onlara yiyələndikləri peşənin Almaniyada rəsmi tanıdılmasında da ciddi dəstək verəcəyik. Layihənin geniş formatda təqdimatını sentyabr ayında nəzərdə tuturuq.

-Belə görünür ki, çox şaxəli fəaliyyətinizdə gündəlik və iş qrafikiniz çox zəngindir. Bəs ümumilikdə Nuran Abdullayev üçün zənginlik nədir?

-(Gülümsəyir) Mənim üçün zənginlik ehtiyacı olanlara yardım etmək üçün verilən fürsətdir. Bu fürsəti də sənə kimsə vermir, zamanla, yəni layiq olduqda özün qazanırsan. Hesab edirəm ki, zənginliyi yalnız pulla ölçən şəxslər hələ bir çox şeyi zamanla dərk edəcəklər. Ən böyük zənginlik güvən qazana bilmək və sənə olan güvəni doğrultmaq, qoruyub saxlaya bilməkdir.