Azərbaycan Beynəlxalq Bankının araşdırmasına görə, ötən il ərzində ən populiyar avtomobil brendi Rusiyanın “Lada” markası olub. Bankın tərtib etdiyi siyahıya əsasən, ikinci pillədə Almaniyanın dünyaca məşhur “Mercedes” brendi qərarlaşıb.

Maraq üçün qeyd edək ki, "Hyundai" avtomobilləri populyarlığına görə 3-cü yeri tutub, "Toyota" markası isə 4-cü sırada yer alıb. “Lada” artıq illərdir ki, analoji siyahılara başçılıq etməkdədir. 

Yenisabah.az yerli alıcıların niyə məhz bu avtomobillərə maraq göstərməsini araşdırıb.Öncə onu qeyd edək ki, “Lada” bir çox texniki və komfort parametrlərinə görə, dünya brendlərindən xeyli dərəcədə geri qalır. Məhz bu səbəbdəndir ki, VAZ-ın satış arealı keçmiş post-sovet məkanından kənara çıxa bilmir. Hətta Litva, Latviya və Estonya kimi ölkələrdə də öz bazar liderliyini çoxdan itirib.

Azərbaycanda isə “Lada”nın modellərinə tələbat hələ də yüksəkdir. Bunun isə bir sıra özünəməxsus səbəbləri var. İlk öncə bu avtomobillər insanlar arasında “dədə-baba” maşınları kimi, artıq “doğmalaşıb”. Bu markanın “VAZ-2107”, “VAZ-2106”, “Niva” kimi modelləri gənclər arasında olduqca populiyardır. Belə desək, “Lada”nın reklamını elə məhz alıcıların özü yaradır. 

Digər tərəfdən, bu maşınların ehtiyat hissələrini əldə etmək, ustalarını tapmaq olduqca asandır. Azərbaycanda bu nəqliyyat vasitələrinin sovet dövründə gedib çıxan oturuşmuş ənənəsi var. “Lada” maşınlarının yanacaq sərfiyyatı da olduqca münasibdir. Xüsusən, region yollarında və qeyri-asfalt şəraitində bu avtomobillər yüksək performansa malik olur. 

Lakin “Lada”nın mənfiləri də çoxdur. Hər şeydən qabaq, bu maşınlar qəzalar zamanı olduqca dözümsüzdür. Xüsusən əyləc sisteminin zəif olması və hava yastığı kimi təhlükəsizlik avadanlıqlarının olmaması bu avtomobilləri insan həyatı üçün ciddi təhlükəyə çevirir. Digər mənfi nüans isə komfortla bağlıdır. “Qranta”, “Priora” və “Kalina” kimi son modellərində belə müasir standartlarında komfort demək olar ki, təmin edilməyib. Ümumiyyətlə, Rusiyanın avtomobil istehsalında aradan qaldıra bilmədiyi ən böyük problem də məhz budur. 

Satış saytlarına, maşın bazarına nəzər salsaq, hələ uzun illər “Lada”nın Azərbaycan avtoparkında liderliyini qoruyacağını demək olar. Elektromobillərdən istifadəyə təşviq, hibrid maşınların instensiv idxalı belə bu tendensiyanı qırmağa hələ ki qadir deyil.