Fransada 17 yaşındakı bir yeniyetmənin polis tərəfindən güllələnməsi ilə başlayan hadisələrin iqtisadi zərəri artmağa davam edir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Fransada baş verən hadisələr ölkə iqtisadiyyatına ən azı 1 milyard avro ziyan vurub.

Məlumata görə, gəncin öldürülməsindən sonra başlayan hadisələr əvvəlki günlərlə müqayisədə azalıb. Lakin Marsel və Lionda gərginlik hələ də yüksəkdir. Bir həftədir davam edən hadisələrdə saxlanılanların sayı isə 3200-ə çatıb. Marseldə köhnə kolleksiya əşyaları olan qaraj qarət edilib, onlarla avtomobil oğurlanıb. Şəhərdə nümayişlərin keçirilməsi qadağan edilib və ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Bundan əlavə, qətlə yetirilən yeniyetmənin ailəsi üçün 150 min avro toplandığı halda, onu güllələyən polisin ailəsi üçün 800 min avro toplanması diqqət çəkib.