Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.

Nazirlikdən İqtisadiyyat.az-a bildirilib ki, yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.

***

19:43

Etilen-Polietilen zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən verilən məlumata görə, hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

 Məlumata görə, yanğınsöndürənlər hazırda xüsusi təyinatlı texnikaların tətbiqi ilə yanan çənin söndürülməsi, həmçinin ətrafdakı digər çənlərin soyudulması ilə alovun onlara keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.