Bu gün “Four Seasons Hotel”də Azərbaycanın mühəndislik sektorunda öz nüfuzu ilə seçilən “Euroclima” şirkəti ilə “ZKTeco” Çin şirkətinin əməkdaşlığına həsr olunan tədbir keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə “ZKTeco” Çin şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, memarlar və media mənsubları iştirak ediblər. Tədbirdə çıxış edən “ZKTeco” şirkətinin rəsmisi Boris Yanqın sözlərinə görə, sözügedən brend Çində biomretrik texnologiyalar üzrə aparıcı şirkətdir və "Euroclima" ilə əməkdaşlıq müqaviləsi onlar üçün böyük qürurdur.
“Euroclima” şirkətinin rəhbəri Aslan Abdullayev isə şirkətin fəaliyyətindən söz açaraq, uğurlarından danışıb. Bildirib ki, Azərbaycanın inşaat sektorunda öz sözünü deyən, dünya şöhrətli istehsalçıların məhsullarının idxalı, satışı, layihələndirilməsi, montajı və montaj sonrası servisi ilə məşğul olan yerli “Euroclima” şirkəti 20 ilə yaxındır ki, fəaliyyət göstərir.

““Bayıl Bay Tower”, “Baku Bay Tower”, “Bravo” marketlər şəbəkəsinin 48 filialı, McDonald”s restoranlar şəbəkəsinin 6 filialı, Univerium (AZDNSU), Amrahbank, Qəbələ rayonunun Nohur Qışlaq kəndindəki “Cümə Məscidi”, “Wyndham Garden hotel”, “İnterContinental hotel”, Suraxanı gəmi muzeyi, “Dalğa Plaza” iş mərkəzi, “Baku Modern School” və digər bu kimi 100-ə yaxın sosial əhəmiyyətli binaların mühəndislik işləri “Euroclima”nın adı ilə bağlıdır.  “Euroclima” şirkətinin ən qürurlu layihəsi isə strateji əhəmiyyətli “Zəngilan Hava Limanı”dır”. 

Çıxışlardan sonra hər iki şirkətin fəaliyyətini əks etdirən video-çarxlar nümayiş olunub. 

Onu da qeyd edək ki, cəmiyyətin müxtəlif sahələrində komfort, rahatlıq və güvən üçün çalışan “Euroclima” şirkəti ZKTeco Çin şirkətinin ölkəmizdəki yeganə rəsmi təmsilçisidir.