Xəbər verdiyimiz kimi, Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Həmçinin baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsinin hazırda davam etdiyini açıqlayıb. Mərkəzi Bank tərəfindən belə lisenziyaların sayının artırılması tezliklə Azərbaycanda elektron pulların dövriyyəyə buraxılmasından xəbər verir.

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacağı təqdirdə hansı üstünlükləri olacaq?

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında əvvəlcə elektron pulun fəaliyyət istiqamətindən danışıb. O bildirib ki, rəqəmsal valyutanın inhisarçısı Mərkəzi Bank olacaq. İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın burada desentralizasiyaya getmək fikri yoxdur.

O, elektron pul təşkilatlarına Mərkəzi Bank tərəfindən lisenziya verildiyini, onların fəaliyyətinə də nəzarətin məhz baş bankın səlahiyyətində olduğunu xatırladıb: “Elektron pul təşkilatlarının mövcud qanunda göstərə biləcəyi xidmətlərə bir neçə amil daxildir. Məsələn, həmin təşkilatlar pul vəsaitinin nağd formada mədaxil və ya məxaric əməliyyatlarını apara bilirlər. Yəni siz müəyyən terminallar vasitəsilə və yaxud da kart üzərindən nağd pullarınızla elektron pulqabınızı artıra bilərsiniz. Həmçinin elektron pulqabınızdan pul çıxara bilərsiniz. Elektron pul təşkilatlarının xidmətlərinə, həmçinin kredit götürülməsi, ödənişlər, ödəniş kartı və digər oxşar alətlər üzrə ödəniş əməliyyatlarının icrasının həyata keçirilməsi daxildir. Bundan əlavə, elektron pul təşkilatlar elektron pulun emissiyasını həyata keçirə, hesab üzrə məlumatları sizə təqdim edə bilərlər. Lakin sadaladıqlarımın həyata keçməsi üçün fəaliyyət lisenziyası lazımdır”.

X.Kərimli vurğulayıb ki, hökumət elektron pulların təşkili ilə bağlı saxtakarlığa yol verilməməsi üçün çalışır: “Yəni elektron pul təşkilatları da Mərkəzi Bankın müəyyənləşdirdiyi limitdən kənarda pul buraxa və ölkənin pul kütləsini özü fikirləşib artıra bilməz. Burada ölçü vahidi yenə manat olacaq və hamısı Mərkəzi Bankın nəzarəti altında olacaq. Texnologiyalar inkişaf edir, rəqəmsal inkişaf davam edir. Sürtəli inkişaf olduğundan ödəniş və bu kimi digər məsələləri təkcə bankların inhisarında saxlamağı qeyri-mümkündür. Ona görə də Mərkəzi Bank bunu da lisenziyalaşmış fəaliyyətə çevirir və elektron pul təşkilatlarının fəaliyyətinin çərçivəsini müəyyənləşdirir”.

Pul köçürülməsi, mədaxil, məxaric və ödənişlərin banklar vasitəsilə həyata keçirildiyini xatırladan ekspert söyləyib ki, elektron pul təşkilatlarına da bu hüquqların verilməsi əslində bankların bu sahədə monopoliyasını qırır. Bu sahədə kiçik təşkilatların, qeyri-bank təşkilatlarının fəaliyyəti üçün lisenziyalaşma şərtlərini formalaşdırır. İqtisadçının sözlərinə görə, bu, Azərbaycan vətəndaşı üçün xidməti yaxşılaşdırması, rəqabəti artırması ilə yanaşı, bu sahədə qanunvericilik normalarını formalaşdırmaqla qanunsuzluqların qarşısını alacaq.

Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə edilir. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub.

Xatırladaq ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən elektron pul təşkilatı ödəniş xidmətləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Elektron pul təşkilatı – Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.
Elektron pul təşkilatları tərəfindən aşağıdakı növ ödəniş xidmətləri göstərilə bilər:

  • ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
  • kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
  • pul köçürməsi;
  • elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
  • hesab üzrə məlumat xidməti.

Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.

 

Sadiq Cavadov