“Unibank”ın səhmdlarına ödənilən dividendin həcmi məlum olub. 

İqtisadiyyat.az xəbər verir ki, bank 2023-cü ildə əldə etdiyi 31,1 milyon manat xalis mənfəət üzrə səhmdarlarına 4 milyon 65 min manat dividend ödəyib. 

Bankın səhmlərinin 94,1%-i Müşahidə Şurasının sədri Eldar Qəribova aid olduğu üçün dividenddən ən böyük payı, yəni 3 milyon 825 min manatı o əldə edib. Dividendin 239,8 min manatı isə 5,9% paya sahib olan fiziki şəxslərə ödənilib. 

Bundan əlavə, bank rəhbərliyində təmsil olunan şəxslərə ötən il 3 milyon 239 min manat əməkhaqqı və bonus ödənilib. Bu isə 2022-ci ilə nisbətən 7,3% çoxdur. Belə ki, 2022-ci ildə “Unibank”ın İdarə Heyətinin gəlirləri 3,02 milyon manat təşkil edib. 

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.