"Mərkəzi Bankın uçot dərəcəsini 7,25 % olaraq saxlaması proqnozlaşdırılırdı. Uçot faiz dərəcəsinin artırılmasından söhbət belə gedə bilməz".

Bunu İqtisadiyyat.az-a iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O bildirib ki, ölkədə inflyasiya göstəriciləri, iqtisadi konyuktura, mövcud vəziyyət, qlobal iqtisadiyyatda baş verən hadisələr, istər ərzaq qiymətlərində, istərsə də qeyri-ərzaq qiymətlərində deflyasiya meylləri və s. stabildir:

"Bizdə əsasən idxal inflyasiyası olduğuna görə bu gün inflyasiyanı proqnozlaşdırarkən qlobal bazarlarda, əmtəə birjalarında olan qiymət dəyişikliklərini də əsas götürürük. Hazırda həmin qiymət dəyişikliyi ucuzlaşmaya doğru gedir. Bu amilləri nəzərə alsaq, üstəgəl tədiyyə balansı, müsbət saldo, hazırda “Brent” markalı neftin dünya bazarındakı qiymətinin 85 dollar, “Azeri Light” markalı neftin 87-88 dollara satılması uçot dərəcəsini artırmağa imkan vermir".

Ekspert vurğulayıb ki, əslində bütün bu müsbət tendensiyalar həm manatın, həm də Azərbaycan iqtisadiyyatının xeyrinədir: "Həmçinin ölkəyə valyuta gəlir, qlobal iqtisadiyyatdan gələn inflyasiya təzyiqi, demək olar ki, minimumdur. Çünki hazırda dünyada qiymətlərin artması yoxdur. Nəticə etibarilə AMB-nin uçot dərəcəsini 7,25 % olaraq saxlaması doğru bir addımdır”.  

E.Sadıqov hesab edir ki, əslində müzəkirə uçot dərəcəsinin saxlanılması və düşürülməsi istiqamətində aparılıb: “Amma hər bir halda nəzərə alsaq ki, yaydır, daxili turizm, insanların daha çox istehlak meylləri və yaxud da məzuniyyətlər və bu kimi digər məsələlər müəyyən inflyasiya formalaşdırır. Amma nəticə etibarilə bu da uçot faiz dərəcəsinin düşürülməməsi və saxlanılmasına təsir göstərən amillərdən biridir. Uçot faiz dərəcəsinin özünün inflyasiyaya birbaşa təsiri minimum belə olsa, bu, bazara, xüsusilə də maliyyə, bank sektoruna psixoloji bir siqnal verə bilər. Ona görə də hesab edirəm ki, uçot faiz dərəcəsinin saxlanılması proqnozlaşdırılırdı və belə bir addım da atıldı”.

Xatırladaq ki, ötən həftə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.

Sadiq Cavadov