"Artıq bank sektorunda müəyyən ciddi rəqabət formalaşıb və buna görə də tələblərə cavab verməyən, öz işini tam olaraq qura bilməyən, indiyədək bazarda aza qane olub yalnız öz məhdud müştəri dairəsi ilə kifayətlənən zəif banklar artıq risk qrupuna daxil edilə bilərlər".

Bunu İqtisadiyyat.az-a iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O, bunun təbii hal olduğun vurğulayaraq söyləyib: "Məsələn, sizin əgər dar çərçivədə müştəri bazanız varsa və həmin müştəri bazası bu və ya digər səbəbdən başqa banka gedirsə və yaxud da işləri zəifləyərsə, bizneslərini dəyişərlərsə, hər hansı bir səbəbdən onların dövriyyəsi aşağı düşərsə, bu, sizin bankınıza da birbaşa təsir göstərəcək. Ona görə də hazırda hər hansı bir kiçik bankın bağlanması sektorla bağlı deyil, həmin bankla bağlı olan məsələdir. Amma hər halda bir-iki bankın bağlanması bank sektorundakı vəziyyətin pisliyindən xəbər vermir. Bu, artıq başqa bir mövzudur".

E.Sadıqovun sözlərinə görə, hazırda bank sektorunda meyllər müsbətdir və stabillik hökm sürür. Ekspert burada hər hansı bir riskin olmadığını, likvidlik və kapital dayanıqlığının isə yüksək olduğunu qeyd edib: "Çünki ölkədə vəziyyət stabildir və maliyyə sabitliyi, iqtisadi və siyasi stabillik var. Bunların hamısı bank sektoruna müsbət təsir göstərir. Sadəcə olaraq burada əsas məsələ bank sektorunun stabil olmasında deyil, daha çox bank sektorunun hansı səviyyədə olmasındadır. Burada kəmiyyət və keyfiyyət isə əsas məsələdir".

Sadiq Cavadov