Qlobal enerji sektorunda məşğulluq artımına günəş, külək, elektrik nəqliyyat vasitələri və akkumulyatorlar rəhbərlik etdiyi halda, təmiz enerji çevrilməsinin yaratdığı milyonlarla iş yerini doldurmaq üçün ixtisaslı insan resurslarına ehtiyac var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) bu il ikinci dəfə dərc etdiyi Dünya Enerji Məşğulluğu hesabatında deyilir.

Hesabata görə, qlobal enerji sektorunda məşğulluq 2022-ci ildə 67 milyon nəfərə çatıb ki, bu da pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə təxminən 3,5 milyon nəfər çoxdur.

Bu dövrdə təmiz enerji sektorlarında məşğulluq 4,7 milyon nəfər artaraq ümumilikdə 35 milyon nəfərə çatıb.

Məlumata görə, Çin 19,3 milyon iş yeri ilə enerji sektorunda ən çox məşğulluğa malik ölkə olub. Çini 8,4 milyon enerji işçisi ilə Hindistan izləyir.

Regional olaraq, Çin istisna olmaqla Asiya Sakit Okean ölkələrinin enerji sektorunda məşğulluq 8,7 milyon, Avropada 7,7 milyon, Şimali Amerikada 7,1 milyon, Afrikada 4,3 milyon, Mərkəzi və Cənubi Amerikada 4,2 milyon, Yaxın Şərqdə 3,9 milyon və Avrasiyada 2,9 milyon səviyyəsindədir.

Qlobal enerji sektorunda çalışanların təxminən 36 faizi yüksək ixtisaslı peşələrdə çalışsa da, bütövlükdə iqtisadiyyat üçün bu nisbət təxminən 27 faiz təşkil edir.

Bildirilib ki, təmiz enerji texnologiyalarında daim artan mövqeləri doldurmaq üçün işçilər sektorun tələblərinə uyğun olaraq özlərini təkmilləşdirməyə diqqət etməlidirlər.

 

Gözəl Həşimova