İqtisadiyyat.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərin nəzərinə çatdırır ki, “yollarda yarana biləcək yol qəzaların və diqər xoşagəlməz halların qarşısının alınması üçün, avtomobilləri idarə edərkən sürücüləri diqqətli olmağa səsləyib. Bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcədə kəskin tormazlama etməmələri tövsiyə olunur”.

Sonda bildirilir ki, “Qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.