Rusiya rublu son dövrlər dəyər itirməkdə davam edir. Son 2 ayda rubl dollara nisbətən 14% ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.

İqtisadiyyat.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyada rublun ucuzlaşmasının iki ölkə arasında iqtisadi əlaqələrə təsirini qiymətləndirib. O qeyd edib ki, Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyorudur. Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil.

"Tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir"- Vüqar Bayramov əlavə edib.

Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə millət vəkili qeyd edib ki, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir:

"Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".