"Azərbaycan dövləti bu gün Qarabağda ciddi və sürətli quruculuq işləri aparır. Bu, Böyük Qayıdış Azərbaycan xalqının 30 illik arzusu idi". 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Bu gün artıq Qarabağda doğma sakinlərin yaşadığını söyləyən deputatın sözlərinə görə, işğaldan azad olunan ərazilərdə gözəl quruculuq və yaradılan infrastuktur məhz insanları burada yaşamağa sövq edən amillərdəndir: "Xalqımız Böyük Qayıdışın sürətlənməsini hər zaman arzulayır. Qayıdış istiqamətində isə bütün zəruri işlər görülməkdədir və davam edir. Böyük Qayıdışın belə sürətli və arzuolunan proses olması Azərbaycan xalqının Vətən sevgisindən xəbər verir"

Deputat bildirib ki, Azərbaycan dövləti Qarabağın ümumrespublika iqtisadiyyatına uyğunluğunu təmin etmək üçün ciddi tədbirlər həyata keçirməyi nəzərdə tutur:

"Qarabağın turizm potensialı və xammal bazası olduqca güclüdür. Bu səbəbdən də ölkənin iqtisadi artımında ciddi paya sahib olan coğrafi iqtisadi rayonlardan olacaq. Həm təbiəti, həm də sahib olduğu sərvətləri əsarətdən xilas olan torpaqlarda xarici investisiya qoyuluşunu da hərəkətləndirəcək. Hələ ki, Qarabağ bərpa və qayıdış prosesindədir. Bu səbəbdən onun ölkə iqtisadiyyatına faydasını tam dəqiqliklə qiymətləndirmək mümkünsüzdür. Lakin deyə bilərəm ki, qarşıdakı illərdə biz hər hansı bir statistik rəqəm deyə biləcəyik".

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri yanaşı, Böyük Qayıdış prosesi də davam edir. İlk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 ilə yaxın həsrətdən sonra öz doğma yurdlarına qayıdıblar. Digər azad olunan ərazilərin sakinlərinin də qayıdışı təmin edilir.

 

Gülşən Şərif