Çinin paytaxtı Pekində son sutka ərzində 1438 nəfər koronavirusa yoluxub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Sağlamlıq üzrə Milli Komitəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmuş 274 nəfərdə COVID-19 simptomları aşkar edildiyi halda, 1164 nəfərdə virusun əlamətləri müəyyən edilməyib.

Hökumət rəsmisi Xu Hejian Çinin Mərkəzi Televiziyasına bildirib ki, noyabrın 24-dən Pekin sakinləri ictimai yerləri ziyarət etmək üçün son 48 saat ərzində mənfi PCR testi təqdim etməli olacaqlar.

Bundan əlavə, dövlət qurumları, ticarət mərkəzləri, supermarketlər, kafelər, mehmanxanalar və digər müəssisələrə gələnlər testin nəticəsini girişdə xüsusi mobil proqram vasitəsilə nümayiş etdirməlidir.

Qeyd edək ki, Çində daha öncə PCR testinin müddəti 72 saat olub.