Dünya üzrə ötən il nüvə silahlarına 82 milyard dollardan çox investisiya yatırılıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə yaradılan müqavilənin bu il 55-ci ili qeyd olunsa da, dünyada nüvə silahı və bu silahlara investisiyalar ətrafında mübahisələr davam edir.

ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, Pakistan, İsrail və Simali Koreya nüvə silahına malik ölkələr sırasındadırlar. Nüvə silahlarının sayına görə bu siyahıya Rusiya, ABŞ və Çin liderlik edir.

Hazırda dünyada 12500-dən çox nüvə döyüş başlığı var. Araşdırmalara əsasən, Rusiya 5889 nüvə başlığı ilə bu siyahıya liderlik edir. Rusiyadan sonra 5244 nüvə döyüş başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin gəlir.

Hesablamalara görə, Fransanın 290, İngiltərənin 225, Pakistanın 170, Hindistanın 164, İsrailin 90, Şimali Koreyanın isə 20 nüvə başlığı var.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü il hesabatına əsasən, ümumilikdə dünyada nüvə başlıqlarının sayı azalmaqda davam edir, lakin bu, əsasən ABŞ və Rusiyanın istifadə olunmamış nüvə döyüş başlıqlarını ləğv etməsi ilə bağlıdır.

Araşdırmaya əsasən, 2019-cu ildə dünya üzrə nüvə silahlarına investisiyalar 72,9 milyard dollar, 2020-ci ildə 72,6 milyard dollar, 2021-ci ildə 82,4 milyard dollar, 2022-ci ildə isə 82,9 milyard dollar təşkil edib. Beləliklə 4 il ərzində bu sektora sərmayələrin 10 milyard dollar artması diqqət çəkib.

Nüvə silahlarına ən çox sərmayə qoyan ölkə isə ABŞ olub. Belə ki, ABŞ 2019-cu ildə nüvə silahına 35,4 milyard dollar, 2020-ci ildə 37,4 milyard dollar, 2021-ci ildə 44,2 milyard dollar və 2022-ci ildə 43,7 milyard dollar investisiya yatırıb.

Əlavə edək ki, ölkələrin nüvə silahı yarışının qarşısını almaq məqsədi ilə 1970-ci ildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) qüvvəyə minib. Müqavilə 1995-ci ildə isə qeyri-müəyyən müddətə uzadılıb.