İnkişaf etməkdə olan ölkələrin hər il təxminən 1,7 trilyon dollarlıq bərpa olunan enerji investisiyalarına ehtiyacı var.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

Məlumata görə, ötən il bu ölkələr təmiz enerjiyə 544 milyard dollarlıq birbaşa xarici investisiya cəlb ediblər. Buna görə də BMT, ölkələri daha təmiz enerji mənbələrinə keçidi təmin etmək üçün bu sektora sərmayələrin cəlb edilməsində dəstək olmağa çağırıb.

Hesabata əsasən, 2015-ci il Paris Sazişindən sonra bərpa olunan enerjiyə beynəlxalq investisiyalar təxminən 3 dəfə artıb, lakin bu artım inkişaf etmiş ölkələrdə cəmlənib. Bildirilib ki, inkişaf etməkdə olan ölkələrdə dayanıqlı enerji sistemlərinə investisiyaların artması dünyanın iqlim məqsədlərinə çatması üçün vacibdir.