Bu gün prezident İlham Əliyev Tacikistana səfərə gedəcək. Səfər çərçivəsində prezident Emomali Rahmonla görüş keçiriləcək. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu gün baş tutacaq. İndiyədək iclaslarda əfvlə bağlı 1300-ə yaxın məsələyə baxılıb.

Bu gün “Azəriqaz” rəhbərliyi növbəti dəfə canlı yayım edəcək. Feysbuk və İnstaqram üzərindən olacaq yayımda vətəndaşların sualları cavablandırılacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin bu gün Naftalanda vətəndaş qəbulu keçiriləcək. Görüşdə Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri qəbul ediləcəkş Qəbul saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində başlayacaq.

Bu gün Azərbaycanda Qazaxıstanın əmtəə istehsalçılarının missiyası təşkil olunacaq. Tədbirdə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5 və 7 aprel tarixlərində hərrac keçiriləcək. Bu gün keçiriləcək hərraca 13 nəqliyyat vasitəsi, 9 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, aprelin 7-də təşkil olunacaq hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq.

Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi magistral yollarda görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Bu gün meteohəssas insanlar narahatlıq hiss edə bilərlər. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında gündüz mülayim gilavar küləyinin əsəcəyi gözlənilir. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) dəstəyi, “ELS prodakşn” prodüser mərkəzinin təşkilatçılığı ilə 5-8 aprel tarixlərində paytaxtımızda “Rusiya kinosu günləri” keçiriləcək. Kino günlərinin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir.
“Rusiya kinosu günləri” bu gün Nizami Kino Mərkəzində “On bir susqun kişi” filminin (rejissor Aleksey Pimanovun filmini teatr və kino aktyoru Pavel Kraynov təqdim edəcək) nümayişi ilə başlayacaq.

Bu gün MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojie AES-dəki vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər edəcək.

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Polşaya səfər edəcək.

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə iki günlük danışıqlar aparmaq üçün bu gün Moskvaya gedəcək. 

Bu gün Fransa prezidenti E.Makron Çinə səfər edəcək. Səfər zamanı Ukraynadakı vəziyyət müzakirə ediləcək.

Bu gün İspaniya kubokunda yarımfinalın cavab oyunları çərçivəsində "El Klassiko" baş tutacaq. Barselona öz meydanında Real Madridi qəbul edəcək. Oyun saat 23:00-da başlayacaq. İlk oyun katalona təmsilçisinin minimal üstünlüklü qələbəsi ilə başa çatıb.