Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrailə səfər edəcək. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasimi bu gün Təl-Əvivdə baş tutacaq. Burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Bu gün saat 10:00-dan 17:30-dək Sumqayıtda qaz təchizatında fasilə yaranacaq. Məlumatda bildirilir ki, Novruz, Təzə və Köhnə Corat qəsəbələri, “Yaşıldərə” yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 42, 47, 48, 49, 50, 51, 52, 53, 76-cı məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayon ərazilərinin qaz təchizatı dayandırılacaq. Məhdudiyyət qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olacaq.

“Azəriqaz” rəhbərliyi növbəti dəfə canlı yayım edəcək. Yayım martın 29-da baş tutacaq. Feysbuk və instaqram üzərindən olacaq yayımda vətəndaşların sualları cavablandırılacaq.

Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulu bu gün saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında təşkil olunacaq. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Gənclərdən ibarət idman gimnastikası üzrə Azərbaycan millisi martın 29-da Türkiyənin Antalya şəhərində start götürəcək 2-ci dünya çempionatına yollanıb. Yarışda ölkəni Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcizzadə və Aytən Məmmədova təmsil edəcək.

Bu gün Moskva şəhərində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşəcək. Nazirlərin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası, xüsusilə Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcəyi bildirilib.