İqtisadiyyat.az bu gün verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gündən Azərbaycanda bir həftəlik bayram tətili başlayır. Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edir.ardıcıl olaraq 7 qeyri-iş günü sayılacaq.

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək. Eyni zamanda silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunacaq.

Bu gün saat 09:00-dan iyunun 27-si saat 20:00-a qədər Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsində (Ziya Bünyadov prospektindən "Qələbə dairəsi” istiqamətində ) tunelin ("Xutor tuneli") yuyulması işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu gün saat 19:00-da Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq. Dominik Savaj ilə daha təhsilli gələcək barəsində danışılacaq. Proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası bu gün Lüksemburqda keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsini və Ermənistan və Azərbaycan arasında dialoqu müzakirə edəcəklər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova bu gün İsveçrənin paytaxtı Bern şəhərinə səfər edəcək.

Çində səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu gün günortadan sonra Çin prezidenti Si Cinpinlə görüşə bilər. Bu barədə “The Washington Post” məlumat yayıb.