İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Elm və Təhsil naziri Emin Əmrullayev bu gün Lerik rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbulda yalnız vaxtında müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Bu gün saat 10:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində yerləşən Mədəniyyət mərkəzində Qəbələ, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, radio-televiziya yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Bu gün saat 19:00-da Bakıdakı Rus evində “Ravnovesiye” rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq. Bakılı sənətsevərlərin diqqətinə heykəltəraş Vladimir Amodeo və rəssam Alla Şaxmatovanın əsərləri təqdim olunacaq.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristersson arasında NATO Baş katibi Yens Stoltenberqin iştirakı ilə görüş keçiriləcək. Bu barədə Yens Stoltenberq keçirdiyi mətbuat konfransında bildirib.

Aİ diplomatı Cozep Borrell bu gün Pekinə gedəcək və xarici işlər naziri Qin Qanq və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Böyük Britaniya kralı III Çarlz bu gün Vindzor qəsrində ABŞ prezidenti Co Baydeni qəbul edəcək. Dövlət başçısının London yaxınlığındakı ölkə iqamətgahında keçiriləcək görüşünün təfərrüatları açıqlanmayıb.

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Körfəz Əməkdaşlıq Şurasının Nazirlər İclası keçiriləcək. Tədbir zamanı tərəflər beynəlxalq gündəliyin bəzi aspektlərini, eləcə də regionda əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Bu gün Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan ediləcək. 

“Qəbələ” futbol klubu bu gün təlim-məşq toplanışı çərçivəsində Türkiyəyə yola düşəcək. "Qırmızı-qaralar" burada ümumilikdə 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda ilk oyununa biletlər bu gün saat 11:00-dan satışa çıxarılacaq. Biletlər 5, 20, 30 və 75 manata təklif olunacaq. Qeyd edək ki, “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyunu iyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub. Yığma komanda bu gün Bakıya qayıdacaq.