İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasları iki gün ard-arda keçiriləcək. Növbəti iclas bu gün, sonrakı iclas isə sabah baş tutacaq. Bu gün keçiriləcək iclasın gündəliyə 33 məsələ daxil edilib.

Bu gün 1 şəhər və 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bildirilir ki, payız-qış mövsümünə hazırlıqla bağlı “Mingəçevir 1-ci xətt”, "İmişli-1" və "İmişli-2” qaz ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində, həmçinin “Qax” QPS-də görüləcək profilaktik sazlama və quraşdırma işləri ilə əlaqədar bu gün saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə İmişli və Qax rayonlarının, eləcə də Mingəçevir şəhərinin tam olaraq, Yevlax və Saatlı rayonlarının isə kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün energetika naziri Pərviz Şahbazov Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 12:00-dan etibarən Qusar rayon Heydər Əliyev Mərkəzində (Ünvan: AZ3800, Qusar şəhəri, Mirzə Vəliyev küçəsi 6) keçiriləcək.

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu gün saat 15:00-da Xidmətin aparatında vətəndaşlarla görüşəcək.

Magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Dövlət Rəssamlıq Akademiyasında bu gün saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.

Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Konsertdə solistlər Rasimə Babayeva, Nigar Məmmədova (orqan), Nərgiz Əliyeva (piano), Rəna Rəhimova (viola), Fidan Dəmirova (vokal) Orxan Cumayev (cello) və Azadə Həbibovanın (violin) ifasında dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

MAQATE-nin baş direktoru Rafael Qrossi bu gün Rusiyaya səfər edəcək. Qrossi Kalininqrada səfər edəcək və burada “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə görüş keçirəcək.

BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna mövzusuna həsr olunmuş iclası bu günə təyin edilib. İclas saat 10:00-da başlanacaq. BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlonun hesabatla çıxış edəcəyi gözlənilir.

AŞPA-nın yay sessiyası bu gün başa çatacaq.