İqtisadiyyat.az bu günün proqramını təqdim edir..

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. Bu gün həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bu gün imtahan verəcək şagird və məzunların sayı 23 mindən çoxdur.

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu – 2023”ün keçirilməsi nəzərdə tutulub. Marafonla əlaqədar bu gün səhər saat 8:00-dan 14:00-dək bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub. 

Rusiyada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə sözügedən ölkədə səfərdədir. O, bu gün Pyatiqorsk şəhərlərinə yollanacaq. Tədbirdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışları və mədəni proqramlar təşkil ediləcək. Səfər bu gün başa çatacaq.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti və son oyununu bu gün Moldova komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Bu gün Beynəlxalq Muğam Mərkəzində tanınmış ifaçı Cəlal Abbasovun və virtuoz pianoçu Nizami Əliyevin birgə solo konsertləri keçiriləcək. "Bir axşam Bakıda" adlı konsert saat 19:00-da başlanır. Biletlərin qiyməti 30-200 manat arasında dəyişir. 

Bu gün Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Xalq artisti Rasim Balayevin 75 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. Tədbir saat 20:00-da başlanır. Biletlərin qiyməti 10-39 manat arasında dəyişir. 

Bu gün türkiyəli pop ifaçısı Hadisənin Bakı Konqress Mərkəzində konserti baş tutacaq. Konsert 20:00-da başlanır. Biletlərin qiyməti 25-300 manat arasında dəyişir. 

Bu gün bir başqa türkiyəli müğənni Cem Adrianın da Bakıda konserti keçiriləcək. O, Park Bulvardakı "Hayal kahvesi"ndə sevənlərinin qarşısına çıxacaq. Konsert saat 20:00-da başlanır. Biletlərin qiyməti 49-149 manat arasında dəyişir.