Böyük Britaniyanın neft və qaz şirkəti BP qlobal neft tələbinin bu onilliyin sonuna kimi sabit qalacağını və daha sonra azalmağa başlayacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BP-nin enerji bazarları üzrə illik icmalında deyilir.

BP qlobal neft tələbinin 2050-ci ilə qədər sutkada 75 milyon barelə qədər azalacağını proqnozlaşdırır. Şirkətin analitiklərinin fikrincə, yerüstü daşımalarda alternativ yanacaqlardan istifadə, xüsusilə də elektrik mühərriklərindən istifadə artacaq.

BP-nin proqnozuna görə, 2030-cu ilə qədər qlobal neft tələbi sutkada 100 milyon bareldən bir qədər çox olacaq. Bundan sonra isə tədricən azalmağa başlayacaq.  Şirkət qeyd edib ki, neftə tələbatın azalması nəqliyyat sektorunda istehlakın azalması ilə bağlı olacaq.

Eyni zamanda, BP neft-kimya sənayesində neft istehlakının 2035-ci ilə qədər artacağını gözləyir.

 

Gözəl Həşimova