Bolqarıstan prezidenti Rumen Radev və ölkənin yeni hökuməti Ukraynaya silah tədarükü məsələsində əks fikirdədir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, prezident bu barədə keçirdiyi brifinqdə danışıb.

"Bolqarıstan əlavə silah və sursat verməklə bu münaqişəyə müdaxilə etməməlidir. Bu, böyüyən və böyük risk daşıyan münaqişəyə son qoymaq üçün həll yolu deyil. Sistemlərimiz və iqtisadiyyatlarımız quruyur. Mən Bolqarıstanı Avropa Şurasında təmsil etdiyim müddətdə, bu qərarı müdafiə etdim ki, Bolqarıstan Ukraynaya dəstək məqsədilə mərmilərin tədarükü proqramında iştirak etmir. Əgər hökumət bu proqrama qoşulmaq qərarına gəlsə, o zaman bu, səhv olar", - deyə Radev əlavə edib.

Bolqarıstanın baş naziri Nikolay Denkov isə jurnalistlərin suallarını cavablandırarkən əks mövqedən danışıb:

"Biz Ukraynaya ərazi bütövlüyünü bərpa etməkdə dəstək üçün parlamentin qərarını yerinə yetirməliyik."

Denkov hesab edir ki, Ukraynadakı vəziyyət ədalətli və davamlı sülh yolu ilə həll edilməlidir.