"Makronun hakimiyyətə gəlməsi ilə Fransanın demokratiyanın beşiyi olmasına son qoyulub".

Bu sözləri Fransada yaşanan iğtişaşların mümkün təsirlərini dəyərləndirən politoloq Yusif Bağırzadə İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 17 yaşlı əlcəzair əsilli Nahelin polis tərəfindən qətlə yetirilməsindən sonra ölkəni bürüyən zorakılıq aktları və bunun qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməməsi Fransadakı dövlət böhranından xəbər verir:

"Makron uzun illərdir ki, daxili idarəetmədəki səriştəsizliyini xarici siyasətdə onun-bunun işlərinə müdaxilə cəhdləri ilə ört-basdır etməyə cəhdlər edir. Ancaq artıq nələrisə ört-basdır etmək mümkün deyil. Aparılan səriştəsiz idarəetmə ölkəni qazana çevirib. Əslində bu gün ölkəni bürüyən etirazlar son illər yığılıb qalmış problemlərin nəticəsidir. Fransanı bürüyən və artıq Belçikaya, İsveçə və Avropa İttifaqının digər dövlətlərinə də sıçrayan etirazlar siyasi elitanın vətəndaşların taleyinə etinasız yanaşmasının bariz nümunəsidir. Bu, eyni zamanda Fransada irqçiliyin, xüsusilə də müsəlmanlara qarşı nifrətin pik nöqtəyə çatdığının göstəricisi hesab oluna bilər. Uzun illər ərzində müstəmləkəçilik siyasəti həyata keçirən, Afrika ölkələrinin təbii sərvətlərini talayan və nəticədə qızıl ehtiyatına görə dünyanın 4-cü ölkəsinə çevrilən Fransa Əlcəzairdə, Uqandada və digər ölkələrdə həyata keçirdiyi soyqırım siyasətini indi də güc strukturları vasitəsilə davam etdirir". 

 

 

Politoloq vurğulayıb ki, Fransa zamanında ucuz işçi qüvvəsi qismində Fransaya gətirdiyi insanlara qarşı əsl vandalizm siyasəti həyata keçirir:

"Əlcəzairdən, ayrı-ayrı Afrika ölkələrindən olan şəxslərin yaşadıqları kvartallardakı həyat səviyyəsi  son dərəcə aşağı səviyyədədir. Belə məhəllələrdə məktəblərin, səhiyyə xidmətlərinin sıfır dərəcəsində olduğu da məlumdur. Hökümət isə uzun illər ərzində onların bütün istəklərinə biganə yanaşaraq hər hansı bir tədbir görməyib. Bugünkü vəziyyət bir daha Fransada dövlətin öz səlahiyyətlərini yerinə yetirmədiyini, idarəetmənin çökdüyünü nümayiş etdirir. Dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə bu gün insanların təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət kimi fundamental hüquqları belə təmin edilmir".

Fransada baş verənlərə beynəlxalq qurumların susmasına da toxunan Yusif Bağırzadə bildirib ki, bu, Avropada insanların hüquqlarına  əhəmiyyət verilmədiyini açıq şəkildə göstərir:

"Rəsmi Parisin insanların etiraz bildirməsi hüququna qarşı aqressiv davranışına Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxaq təşkilatlardan reaksiyalar verilmir. İnsan hüquqları, sərbəst toplaşmaq və etiraz azadlığını əlində bayraq tutaraq ayrı-ayrı ölkələrə qarşı bəyanatlar, qətnamələr qəbul edən, sanksiyalar tətbiq edən beynəlxaq qurumlar indi Fransada baş verənlərə seyrçi qalır və bunu Fransanın daxili işi hesab edirlər. Bütün bunlar Fransanın timsalında Avropada demokratik dəyərlərin artıq ayaqlar altına atıldığını göstərir".

Gülşən Şərif