Azərbaycan bir çox sahələrdə olduğu kimi enerji sahəsində də uzaqgörənlik nümayiş etdirib. Məsələn, son zamanlar istifadə olunmayan Bakı – Supsa neft kəmərinin əhəmiyyəti artır. Bu kəmər vasitəsilə nəql imkanlarının yenidən nəzərdən keçirilməsi aktuallaşıb. Bakı - Supsa neft kəmərinin işə salınması ilə bağlı tarixə nəzər salaq.
İqtisadiyyat.az xəbər verir ki, Bakı – Supsa neft kəmərinin digər adı Qərb İxrac Boru Kəməridir. Bu kəmər  Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirmək üçün Azərbaycanın təşəbbüsü ilə 1997-1998-ci illər ərzində tikilib. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənirdi, Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınırdı. Uzunluğu 833 kilometr olan bu kəmərlə neft nəqli 1999-cu ilin martına qədər davam edib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və son illərdə "Əsrin müqaviləsi" çərçivəsində hasilatın səviyyəsinin aşağı düşməsi Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin azlmasına səbəb oldu. Lakin, uzaqgörənlik neft sahəsində də özünü göstərir. Dünyada enerji sahəsində Azərbaycana artan maraq Bakı –Supsanın üzərinə də işıq saçır. 
Elə bunun nəticəsidir ki, prezident İlham Əliyevin oktyabrda Gürcüstana rəsmi səfəri zamanı bu məsələ xüsusi olaraq vurğulandı. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündən sonra prezident İlham Əliyev 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatının 20 milyard kubmetrə çatacağını bildirdi:
“Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.
Potensialdan danışmışkən, hazırda istismar olunmayan Bakı-Supsa kəmərinin gücü ildə 7 milyon ton neftdən artıqdır.Bu, digər ölkələrin də kəmərə marağını artıtır. Nəzərə alsaq ki  enerji təhlükəsizliyi üçün Avropaya hazırki dönəmdə etibarlı tərəfdaş lazımdır. Bu da daha çox neft və qazın Azərbaycandan, həm də Azərbaycan vasitəsilə nəqli imkanlarının artması deməkdir.”
Bu səbəblərə görə Bakı- Supsa kəmərinin imkanlarından istifadədən maraqlı olan tərəflərdən biri də Qazaxıstandır. Qazaxıstanın Energetika Nazirliyi “KazMunayQaz” şirkəti ilə birlikdə Qazaxıstan neftini Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar apardığını söyləmişdi. Qazaxıstan şirkəti məlumatlnda bildirmişdi ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa və onlardan potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər. Daha sonra Qazaxıstanın baş naziri bildirdi ki, neft ixracının şaxələndirilməsi çərçivəsində xüsusi yol xəritəsi hazırlanıb.
Məsələ ilə bağlı Qazaxıstanın Baş Naziri Alixan Smailov məlumat verdi ki, “Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik”.
Qeyd edək ki, Qazaxıstanın baş naziri əlavə edərək, bildirib ki, Bakı – Supsadan əlavə yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1,5 milyon ton neft nəql etməklə bağlı sazişimiz var və bu həcmin 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir.
Göründüyü kimi Bakı- Supsa nəinki Azərbaycan neftini , hətta digər ölkələrin neftini Avropaya çatdırmaq gücündədir. Bu təbii ki Azərbaycanın etibarlı enerji marşrutu olaraq da önəmini artırır.
Yüksək təhlükəsizlik, etibarlılıq, enerji mənbələri, ötürmə imkanları Azərbaycanın bir vaxtlar istifadə olunmayan Bakı – Supsa neft kəmərinə də enerji verib. Bu isə öz növbəsində ölkədə məşğulluğa müsbət təsir göstərəcək, Azərbaycana əlavə valyuta axınının artmasına səbəb olacaq.

 

Samir Cabbarov