Kiberdələduzlar tərəfindən vətəndaşlara “Azərpoçt” MMC-nin adından bağlamanın qəbul edilməsi üçün ünvan qeyd etmədikləri barədə saxta mesajlar göndərilir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşdan mesajın tərkibində qeyd olunan saxta keçid vasitəsilə ünvanı yeniləmələri və bağlamanın düzgün ünvana çatdırılması üçün ödəniş etmələri tələb olunur.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Nəzərinizə çatdırırıq ki, “Azərpoçt” MMC-nin rəsmi internet informasiya ehtiyatı www.azerpost.az saytıdır”, - məlumatda qeyd edilib.