2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (89,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,4 milyon ABŞ dolları) üçüncü olub.

2023-cü ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (23 milyon ABŞ dolları) birinci, ilkin formalı propilen sopolimerləri (12,5 milyon ABŞ dolları) ikinci və qızıl (11,5 milyon ABŞ dolları) üçüncü olub.